Ən azı ildə bir dəfə uşaqların görmə itiliyi yoxlanmalıdır

“Övladlarınızın göz sağlamlığını qorumaq üçün onları uşaq yaşlarından kiçik ekranlardan uzaq tutmaq lazımdır. Dövrün tələbinə uyğun olaraq çox zaman valideynlər uşaqlara planşet və telefonlar verirlər. Lakin bu düzgün deyil”.

Foodinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova nazirliyin rəsmi “Instagram” hesabındakı canlı yayımda danışıb.

Onun sözlərinə görə, uşaqları daha çox həyətdə, açıq havada oynamağa təşviq etmək lazımdır:

“Kiçik ekran istifadəçisi olan uşaqlarda görmə qabiliyyəti tez korlana bilər. Nəzarətsiz istifadə xoşagəlməz hallarla nəticələnə bilər. Ona görə ən azı ildə bir dəfə uşaqların görmə itiliyi yoxlanmalıdır. Valideynlər bilməlidirlər ki, uşaqlar gözlərinin görmə itiliyi 10 faizə düşməyənədək gözlərinin zəiflədiyini bilmirlər”.