Çirkli dəniz suyunu udmaq hansı fəsadlara gətirib çıxarır?

Çirkli dəniz suyu ağız boşluğuna və mədə-bağırsaq yollarına düşdükdə nə baş verir? Bu, hansı fəsadları törədə bilər.

Foodinfo.az xəbər verir ki, bu suallara Kliniki Tibbi Mərkəzin həkim-toksikoloqu İnci Bağırova aydınlıq gətirib.

O qeyd edib ki, hər il yay mövsümü başlayarkən çimərliyə icazə verilən ərazilərin adı açıqlanır. Bu mənada qadağan olunmuş zonalarda çimmək qəti şəkildə məsləhət görülmür. Belə ərazilərdə dəniz suyunun tərkibində toksikoloji baxımdan ağır metallar, neft qalıqları olur:

“Həmçinin üzməyi bilməyən şəxslərin və azyaşlıların dərin sularda üzməsi qadağandır. Çünki bu şəxslərin ağız boşluğuna və mədə-bağırsaq sisteminə daha çox su gedir. Ümumiyyətlə, çirkli dəniz suyu insanda qusma, ürək bulanma, bağırsaq pozğunluğu, qarıngetmə, iştah pozğunluğu, başgicəllənmə və başağrısı kimi hallara səbəb ola bilir. Belə olan halda xəstəni mütləq həkimə aparmaq lazımdır. Bütün hallarda mütəxəssis kimi əsas tövsiyyə və məsləhətimiz odur ki, insanlarımız rəsmi şəkildə qadağan olunmuş yerlərə, çirkli çimərliklərə getməsin”.