AQTİ əməkdaşları ÜHST-nin Tvinninq layihəsi çərçivəsində İtaliyada olub

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşlarının peşəkarlığının yüksəldilməsi, səriştəliliyinin artırılması məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri inkişaf etdirilir. İnstitut mütəxəssisləri mütəmadi olaraq xarici ölkələrdə keçirilən təlimlərə qatılır, təcrübə mübadiləsi aparırlar.

Foodinfo.az-ın məlumatına görə, bu ilin 25-29 iyul tarixlərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Laboratoriya Tvinninq Layihəsinin heyvanlarda zəhərlənmə müayinələrinin aparılmasına dəstək fəaliyyəti çərçivəsində İnstitutun əməkdaşları İtaliya Respublikasının Teramo şəhərində yerləşən Abruzzo e del Molise Giuseppe Caporale Eksperimental Zooprofilaktika İnstitutunda (IZSAM) olublar.

Səfər çərçivəsində İnstitut mütəxəssisləri heyvan zəhərlənməsi hallarının baytar həkimlər tərəfindən müayinəsinin nümayişi və ən çox rastlanan zəhərli maddələrin asan idetifikasiyası haqqında məlumat verilməsi, nümunə qəbulundan sonrakı 48 saat ərzində müvafiq qurumlara verilən hesabatın ətraflı izahı, eləcə də 3 fərqli metoddan yararlanmaqla, 45 zəhərli kimyəvi tərkibli maddənin müayinəsi prosesində iştirak ediblər.

Qeyd edək ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ nəzdindəki laboratoriyalarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görülür.