Əlcəzairin bəzi əyalətlərində xırdabuynuzlu heyvanların taunu və dabaq xəstəliyi qeydə alınıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən ölkə ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən mühafizə məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Foodinfo.az-ın məlumatına görə, ÜHST-in son məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Medea, Tebessa və Laquat əyalətlərində xırdabuynuzlu heyvanların taunu və dabaq, El-Bayad əyalətində xırdabuynuzlu heyvanların taunu, Umm-El-Buaqi, Tipaza və Tizi-Uzu əyalətlərində isə dabaq xəstəliyi qeydə alınıb.

Bu vəziyyət nəzərə alınaraq, ölkə ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Əlcəzair respublikasının yuxarıda qeyd olunan əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əlcəzair respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.