Bu içkilər xərçəngə səbəb olur

Həddən artıq sərinləşdirici içkilər təkcə piylənməyə deyil, hipertoniya, diabet, hətta xərçəngə səbəb ola bilər.

Foodinfo.az medicina.az-a istinadla xəbər verir ki, bu barədə diyetoloq, tibb elmləri doktoru, Samara Elmi-Tədqiqat Dietologiya və Pəhriz Terapiya İnstitutunun direktoru Mixail Qinzburq deyib.

O, izah edib ki, mağaza piştaxtalarındakı limonadların böyük əksəriyyəti çox şirindir. Onların tərkibində qatqı maddələri, boyalar və çoxlu şəkər var.

“Bu, tamamilə zərərli məhsuldur. Maye halında olan məhsulun tərkibindəki şəkər daha zərərlidir. Maye şəkər orqanizm tərəfindən tez sorulur və müəyyən məqamda onun qanda və toxumalarda konsentrasiyası yüksələ bilər.

Nəticədə intoksikasiya, iltihab, şəkər molekullarının zülal molekullarına bağlanması, yəni qlikasiya yaranır. Bütün bu proseslər xərçəngə qədər son dərəcə təhlükəli xəstəliklərin inkişafına səbəb olur. Yaşla bağlı xəstəliklər aktivləşir, piylənmə başlayır. Qazlı içkilərdən sui-istifadə edən insanlar şəkərli diabet, ateroskleroz, hipertoniya və bəzi şiş növləri kimi xəstəliklərə daha çox həssasdırlar. İnsan belə şirin içkilərə meyllidir, amma bu, şəkərdir, ondan su ala bilməzsiniz. Əgər sərin və şirin sudan həzz almaq istəyirsinizsə, limon, zəncəfil və təbii meyvələrin əlavə edilməsi ilə öz əlinizlə limonadlar hazırlamağı tövsiyə edirəm, ancaq şəkərsiz”, – həkim vurğulayıb.