Süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsi 90 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İsmayılova Günay Arif qızına məxsus süd məhsullarının istehsalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb. Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejminə riayət olunmadığı, süd məhsullarının ilkin istehsalı, istehsalı və qablaşdırılmasının eyni sahədə həyata keçirildiyi müəyyənləşdirilib. Həmçinin istehsal olunan qatıq, şor və dovğa məhsullarının etiketlənməsində uyğunsuzluqlar, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar edilib. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.