Bakıda süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Foodinfo.az xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi, ev 21 ünvanında fəaliyyət göstərən, hüquqi şəxs “Master Milk” MMC-yə məxsus süd məhsullarının istehsalı müəssisəsində aparılmış planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb. Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejminə riayət olunmadığı, süd məhsullarının ilkin istehsalı, istehsalı və qablaşdırılmasının eyni sahədə həyata keçirildiyi müəyyənləşdirilib. Həmçinin istehsal olunan qatıq, kəsmik və xama məhsullarının etiketlənməsində uyğunsuzluqlar, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar edilib. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.