Azərbaycanda dövlət fermerlərdən buğda almaq üçün taxıla qiymət qoyacaq

Azərbaycanda dövlət ehtiyacları məqsədilə fermerlərdən taxıl alınması üçün minimum qiymət müəyyən ediləcək.

Foodinfo.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov İnam Kərimov Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında (BTS) bildirib.

Nazir burada yay şumu və təkrar qarğıdalı əkini prosesini izləyib, Ağdam, Bərdə, Yevlax, Tərtər, Goranboy rayonlarından olan fermerlərlə görüşüb.

Xatırladaq ki, bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumu və təkrar əkinlərinin aparılması prosesi davam edir. İyulun 23-dək ölkə üzrə 430 min hektar sahədə yay şumu aparılıb, 30 min hektar sahədə təkrar qarğıdalı əkini həyata keçirilib.

İnam Kərimov aqrar sahənin daha da inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirlərini – subsidiya, texnika təminatı və güzəştli kreditləri xatırladıb. Bir neçə gün əvvəl prezident İlham Əliyevin «Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında» Fərmanını xatırladan nazir bildirib ki, yeni qərar ölkədə ərzaqlıq buğdanın istehsalını daha da stimullaşdıracaq: “Bildiyiniz kimi, bütün dünya ölkələrində, qlobal səviyyədə ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar mövcuddur. Bu sahədə risklərin qarşısının alınması üçün Azərbaycan Prezidenti tərəfindən ərzaqlıq buğda əkinlərini təşviq etmək məqsədilə müvafiq Fərman imzalanıb. Bu Fərmana əsasən fermerlərə hər hektara görə əkin subsidiyasından əlavə məhsul subsidiyasının verilməsi də nəzərdə tutulur».

Yəni, fermer bundan sonra Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri ərzaqlıq buğdaya görə əlavə olaraq məhsul subsidiyası alacaqlar. Bununla yanaşı, bu Fərman ərzaqlıq buğdanın əkilməsi üçün müasir suvarma sistemlərinin tətbiqini təşviq edəcək.

Nazirin sözlərinə görə, üçüncü üstünlük isə ondan ibarətdir ki, ərzaqlıq buğda üçün minimum alış qiyməti müəyyən olunacaq: «Hesab edirik ki, bu Fərman ərzaqlıq buğdanın istehsalına mühüm töhfələr verəcək. Kənd Təsərrüfatı Nazirliyi digər dövlət qurumları ilə birlikdə ərzaqlı buğda istehsalını artırmaq üçün fermerlərimiz arasında təşviq tədbirləri həyata keçirəcək».