Azərbaycanın meyvə-tərəvəz ixracı – 7%-dən çox azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 328 109,62 min ABŞ dolları dəyərində 306 376,41 ton meyvə-tərəvəz ixrac edib.

Foodinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 7,1% artıb, həcmi isə 7,4% azalıb.

Qeyd edək ki, ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub.

Hesabat dövründə 126 867,82 min dollar dəyərində 105 779,63 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 2,6% çox və 7,1% azdır.

Cari ilin yanvar-iyun ayları ərzində 57 323,11 min dollar dəyərində (39,5% artım) 10 280,20 ton (artım 49,5%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 12 530,06 min dollar dəyərində 18 680,14 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 8% artım, həcm olaraq isə 28% azalma müşahidə olunub.

Bu ilin yanvar-iyun aylarında ölkədən 29 669,59 min dollar dəyərində (6,9% az) 39 075,65 ton (azalma 7,7%) xurma ixrac olunub.

Hesabat dövründə nar ixracının dəyəri 18,8% azalaraq 2 424,00 min dollar, həcmi isə 19,3% azalaraq 1 541,27 ton təşkil edib.

İxrac üzrə hesabata bu ilin ilk altı ayında 35 059,15 min dollar dəyərində 78 156,41 ton kartof məhsulu ixrac olunub ki, bu da illik ifadədə dəyər baxımından 12%, həcm ifadəsində isə 14,8% azdır.