Ölkəmizdə xırdabuynuzlu heyvanların taun xəstəliyi ilə bağlı sahə simulyasiya təlimləri keçirilib

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) qaydalarına uyğun olaraq, xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkələr və ya ölkə daxilində müəyyən edilmiş zonalar xüsusi olaraq təşkilat tərəfindən tanınmalıdır. Hazırda dünyanın 58 ölkəsi xırdabuynuzlu heyvanların taununda azad ölkələrin siyahısına daxildir. Ölkəmizin də xəstəlikdən azad status alaraq qeyd edilən siyahıya daxil edilməsi istiqamətində işlər aparılır.

Foodinfo.az Agentliyə istinadən xəbər verir ki, ölkəmizdə sözügedən status ÜHST tərəfindən tanındıqdan sonra ixrac və tranzit daşımalar üzrə xəstəliklə əlaqədar məhdudiyyətlər aradan qaldırılacaq. Bu məqsədlə tərtib edilmiş “Xırdabuynuzlu heyvanların taun xəstəliyinə qarşı komkpleks tədbirlər planı”na əsasən, 2022-ci il 20-21 iyul tarixlərində Şabran rayonunda masaətrafı və sahə simulyasiya təlimləri  keçirilib.

Simulyasiya təlimlərində xəstəliyə şübhəli halın araşdırılması, səyyar epizootoloji və laborator tədqiqatların aparılması, xəstə heyvanların təcrid edilərək zərərsizləşdirilməsi, cari və son dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin aparılması kimi prosedurlar sınaqdan keçirilib. Tədbir çərçivəsində əhalinin məlumatlılığının və xəstəlik üzrə bilik səviyyəsinin artırılması istiqamətində fəaliyyətlər icra edilib və maarifləndirici materiallar paylanıb.

Təlimlər ÜHST-in rəsmi internet saytında yayımlanaraq bu istiqamətdə respublikamızda tətbiq edilən təcrübə barədə məlumat verilib ki, bu da sözügedən təcrübənin digər ölkələrdə də tətbiq edilməsinə şərait yaradır.

Qeyd edək ki, xırdabuynuzlu heyvanların taunu qoyun və keçilərin yüksək kontagioz xəstəliyi olmaqla, əsasən iti və yarımiti gedişə malikdir. Xəstəliyə, həmçinin dağ qoyunu və keçisi, ceyran, cüyür və bu kimi digər vəhşi gövşəyən heyvanlar da həssasdırlar.

Xırdabuynuzlu heyvanların taunu insanlara yoluxmasa da, ciddi iqtisadi itkilərə səbəb ola bilər. Belə ki, xəstəliyə yoluxma hallarında bəzən xırdabuynuzlu heyvanların tələfatı 100% həddinə çatır ki, bu da xırdabuynuzlu heyvanlar yetişdirilən təsərrüfatların ləğv olunması, qoyunçuluq istehsalının pozulması və qoyunçuluq məhsullarının ticarət dövriyyəsində maneələrin yaranması, habelə sahibkarların maddi rifahının pisləşməsi ilə nəticələnir.

Məlumat üçün bildiririk ki, xırdabuynuzlu heyvanların taunu Azərbaycan Respublikasında indiyə qədər baş verməyib. Buna görə də, xəstəliklə bağlı epizootik vəziyyət ölkədə tarixi olaraq stabildir. Son beş ildə sistematik olaraq heyvandarlıq təsərrüfatlarında və təbiət ərazilərində aparılmış epizootoloji və seroloji monitorinqlərdə də xəstəliyin törədicisi rast gəlinməyib. Bu da epizootik stabilliyin qorunub saxlanıldığını göstərir.