Qurban əti ilə kabab məclisi qurub şəklini paylaşmaq haramdır

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir. Qurban bayramına çox qısa zaman qalıb.
Bəs bu bayramın fəziləti nədir, milli dəyərlər fonunda hansı əhəmiyyət kəsb edir? Hansı heyvanlar qurban kəsilməlidir? Kimlər Qurban kəsə bilər?
 Foodinfo.az  Bakupost-a istinadən xəbər verir ki, məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan  açıqlama verib.
Bildirib ki, Qurban ictimai və sosial əhəmiyyətli bir bayramdır:
“Qurban bayramı və qurbanlıq ibadətin bir növüdür. Əsas məqsəd qurban ətinin sosial vəziyyəti aşağı olan insanlara paylanılmasıdır. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. Üç səmavi dinin – yəhudilik, xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur.
Qurban bayramında qoyun, keçi, inək, camış, dəvə kimi heyvanlardan qurban kəsilir. Bu heyvanlar ən azından 1 yaşını tamamlamış və sağlam olmalıdır”.
İlahiyyatçı qurban kəsimi ilə bağlı qaydalara da diqqət çəkib:
“Qurban bayramı təməlini həcc mərasimindən götürür. Çünki həmin günü həcc ziyarətinin olduğu ərəfədir. Bu ərəfədə qurban birinci Məkkədə kəsilir. Qurban kəsən insan müsəlman olmalıdır. Qeyri-müsəlman qurban kəsə bilməz. Eyni zamanda, qurbanı kəsən insan heyvanı üzü qibləyə qoymalı və “Bismillah” deyərək kəsməlidir. Kəsiləndən sonra heyvanın qanı tam axmalıdır. Həmçinin, Qurban bayramında cəm halında qılınan 2 rükətdən ibarət namaz var. Buna Qurban bayramı namazı deyirlər. Peyğəmbərimiz (s.ə.s) adam çox olduğuna görə namazı cəm halında açıq havada qılıb. Açıq təbiət qoyunda da qılınmalı, xalq, millət, islam ümməti üçün dualar edilməlidir. Namaz qılmayan insanlar da o namazda iştirak etməlidir”.
T.İrfan qeyd edib ki, insanlar bu bayramda bir çox nöqsanlara yol verir:
“Çox vaxt qoyunu bəzəyirlər, şəkillərini çəkib paylaşırlar, eyni zamanda, heyvanları kəsəndən sonra yol kənarlarına, zibilxanalara onların içalatlarını atırlar ki, bu, böyük günahdır. Peyğəmbərimiz (s.ə.s) buyurur ki, təmizlik imanın yarısıdır.
Qurban bayramında yanlış olan digər bir hərəkət isə imkanlı adamların qurban kəsərək kabab məclisləri qurmasıdır. Onlar hətta bunun şəkillərini sosial şəbəkələrdə paylaşırlar. Bu, birbaşa haramdır. Peyğəmbərimiz (s.ə.s) buyurur: Sədəqəni düzgün verin ki, onu alan adamlar özünü alçalmış hiss etməsin. Minlərlə sosial vəziyyəti ağır, ac uşaqlar olan bir yerdə öz varına güvənib 20 dəfə həccə gedənlər kabab məclislərinin şəklini paylaşırsa, onu Allah qəbul edərmi? Heç buddizmdə də belə şey yoxdur. Orada belə hərkət edən insanları asarlar”.