Yayın şəfa verən meyvələri

Çiyələk, tut, albalı, ərik, şaftalı, qarpız, qovun… Yay fəslinin ləzzətli və sulu meyvələri… Xüsusilə qızmar istilərdə susuzluğumuzu yatırtmaq üçün bizə inanılmaz kömək olan bu meyvələr həm də bol vitamin və mineral maddələrin qaynağı olması baxımından da sağlamlığa böyük fayda verir.

 Foodinfo.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, yay meyvələri də yüksək antioksidant tərkibli olması ilə orqanizmi ürək, xərçəng və diabet kimi metabolik xəstəliklərdən qoruyur. Meyvələr tərkiblərindəki lif sayəsində həzm sisteminin sağlam olmasına təsir edir.

Vitaminlər, minerallar, su ilə zəngin olan meyvələri xüsusilə mövsümündə istehlak etmək sağlam həyat üçün çox vacibdir. Buna görə də müxtəlif növ və rəngarənglikdə olan yay meyvələrindən bəhrələnmək lazımdır.

Türkiyəli uzman-diyetoloq Çisem Gündüzün sözlərinə görə, meyvələrin hər birinin fərqli rəngdə olması, onlarda vitamin və mineralların da fərqli olduğunu göstərir. Bu səbəblə seçim edərkən mümkün olduqca müxtəlif rəngli meyvələrə üstünlük vermək məqsədəuyğundur. Meyvələrin lifli olmaları isə bağırsaq sağlamlığının qorunmasına çox kömək edir. Bununla qəbizlik başda olmaq üzrə, həzm sistemindəki bir çox problemlərin qarşısını almaq mümkündür. Eyni zamanda meyvələr yoğun bağırsaq xərçənginə tutulma riskini də azalda bilir.

Çox yeyiləndə zərər verə bilər

Lakin diyetoloq xəbərdarlıq edir ki, meyvələrin tərkibindəki şəkərin miqdarına görə bəzilərini çox yemək məsləhət deyil. Xüsusilə də yayda sərinləmək üçün həddindən çox istehlak edilən bu meyvələr artıq çəki yarada bilər. Buna görə də meyvəni miqdarında yemək daha faydalı olur: “Orqanizmdə enerji olaraq yandırılmadıqda meyvənin tərkibindəki şəkər yağ formasında yığılır və buna görə də artıq çəki  almağa səbəb olur”.

Eyni zamanda yay meyvələrinin tərkibində meyvə şəkəri olaraq bilinən fruktoza yüksək qan şəkərinə, qarın ağrılarına, insulin müqavimətinin düşməsinə və piylənməyə qədər bir çox hallara səbəb ola bilər.