Qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması istiqamətində reydlər davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Foodinfo.az-ın məlumatına görə, Agentliyin müfəttişləri tərəfindən Rayon İcra Hakimiyyəti və DİN-nin polis əməkdaşları ilə birgə Bərdə rayonu ərazisində aparılmış reydlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan, baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi bir sıra məntəqələr aşkar edilib. Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə zəruri məlumatlar verilib.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.