“Azərbaycana meymunçiçəyi ilə bağlı testlər gətiriləcək”

“Azərbaycana meymunçiçəyi ilə bağlı testlər və dərmanlar gətiriləcək”.

Foodinfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan səhiyyəsi istənilən epidemik və pandemik çağırışlara cavab verməyə hazırdır: “Meymunçiçəyi ilə əlaqədar bütün lazımi qabaqlayıcı tədbirlər görülüb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizə bu günlərdə testlər gətiriləcək. Eyni zamanda meymunçiçəyinin müalicəsi üçün lazım olan və qeydiyyatdan keçmiş bütün dərman preparatları çox qısa müddətdə ölkəmizə gətiriləcək”.

Səhiyyə naziri, həmçinin meymunçiçəyi ilə bağlı əhaliyə müraciət edib. O qeyd edib ki, meymunçiçəyinin geniş yayılmasına bir səbəb yoxdur: “Dünyada bununla bağlı iki minə yaxın hadisə qeydə alınıb. Ancaq indiyədək meymunçiçəyi ilə bağlı birbaşa ölüm hadisəsi qeyd edilməyib. Fürsətdən istfiadə edərək əhalimizə meymunçiçəyi ilə bağlı müraciət etmək istərdim ki, sadə fərdi gigiyena qaydalarına riayət etməklə bu bəladan uzaq dursunlar. Bununla da vətəndaşlarımız normal həyat tərzinə davam edə bilərlər”.