AQTA sədri Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş ilə görüşüb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş ilə görüşüb. Görüşdə AQTA sədri Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlı qonağı məlumatlandırıb.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş ölkələrimiz arasında münasibətlərin inkişafından danışaraq, Azərbaycan və Mərakeşin beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq etdiklərini vurğulayıb. Səfir əməkdaşlığımızın daha da gücləndirilməsi ilə bağlı bir çox istiqamətlər, o cümlədən qida təhülkəsizliyi sahəsində imkanların nəzərdən keçirilməsinin zəruriliyini nəzərə çatdırıb, xüsusən Mərakeş Krallığının Qida Təhlükəsizliyi üzrə Milli Ofisi (ONSSA) ilə ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.

Görüşdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə ikitərəfli əməkdaşlıq üzrə normativ hüquqi bazanın yaradılması məqsədi ilə Saziş layihələrinin hazırlanması imkanları nəzərdən keçirilib. İki qurum arasında ekspertlər səviyyəsində işçı qrupların yaradılması və onlar arasında videogörüşlərin təşkili, eyni zamanda qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə idxal-ixrac əməliyyatlarının genişləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsi üzrə əməkdaşlığın həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.