AQTA sədri Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru ilə görüşüb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Yerlan Baidaulet ilə görüşüb.

Foodinfo.az xəbər verir ki, görüşdə AQTA sədri Agentliyin fəaliyyət istiqamətləri, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər, tətbiq olunan yeniliklər barədə geniş məlumat verib. Sədr bildirib ki, son illər qida təhlükəsizliyi sisteminin davamlı inkişaf etdirilməsi, milli qanunvericilik aktlarının beynəlxalq tələblərə uyğunlaşdırılması və s. istiqamətlərdə görülən məqsədyönlü tədbirlər nəticəsində qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə olunub. Risk qiymətləndirilməsi, fitosanitar, baytarlıq sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, kadr hazırlığının yüksəldilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyətinə də diqqət çəkən sədr AQTA-nın Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və digər qurumlarla yaxından əməkdaşlıq etdiyini vurğulayıb.

Səmimi görüş və ətraflı məlumat üçün minnətdarlığını bildirən IOFS-nin baş direktoru Yerlan Baidaulet rəhbərlik etdiyi və 36 üzvü olan təşkilatın fəaliyyəti haqda danışıb. Baş direktor qeyd edib ki, üzv ölkələr arasında əməkdaşlıq ərzaq təhlükəsizliyinin təmin edilməsi, innovasiyaların tətbiqi yolu ilə kənd təsərrüfatının kompleks inkişafı, investisiyaların cəlb edilməsi, İƏT çərçivəsində ərzaq bazarının gücləndirilməsi və qabaqcıl təcrübələrin mübadiləsi üzrə həyata keçiirlir. IOFS üçün Azərbaycanla əməkdaşlığın xüsusi maraq kəsb etdiyini də deyən baş direktor səfər əsnasında digər qurumlarla da keçirilən görüşlərdə ölkəmizin təşkilata üzvlüyü məsələsinin müzakirə predmeti olduğunu vurğulayıb.

Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovun da iştirak etdyi görüşdə AQTA ilə IOFS təşkilatına üzv ölkələrin qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə fəaliyyət göstərən qurumları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Bundan əlavə, AQTA ilə IOFS təşkilatına üzv olan ölkələr arasında sərhəddə baytarlıq nəzarəti və heyvan xəstəliklərinə nəzarət üzrə təcrübə mübadiləsi, nəzarət mexanizminin öyrənilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.