Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər davam edir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Foodinfo.az-ın məlumatına görə, agentlik müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyinin və Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Naftalan şəhəri ərazisində keçirilmiş reyd zamanı qanunsuz heyvan kəsiminin və ət satışının həyata keçirildiyi məntəqələr aşkar edilib. Faktlarla bağlı məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.