AQTA Könüllü Qida Nəzarətçiləri tərəfindən Bakı şəhəri və regionlarda yerləşən market şəbəkələrində maarifləndirici çap materialları paylanılıb

7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təşkil olunan maarifləndirmə və təbliğat-təşviqat işləri davam etdirilir.

Foodinfo.az-ın məlumatına görə, beynəlxalq tarix ilə əlaqədar olaraq, AQTA Könüllü Qida Nəzarətçiləri Bakı şəhəri və regionlarda yerləşən market şəbəkələrində “5 addımda qida təhlükəsizliyi”, “Konservləşdirilmiş qidalar”, “Bakteriya mənşəli qida zəhərlənmələri”, “Qida məhsullarının etiket məlumatları” mövzularında çap materialları paylayıblar.

Ümumdünya Qida Təhlükəsizliyi Gününün cari il üçün “Təhlükəsiz qida ilə sağlam gələcəyə” şüarını əks etdirən bröşürlərdə qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin  qarşısını almaq üçün tövsiyələr, konservləşdirilmiş qidalar və s. məlumatlar yer alıb. Bu məlumatlara əsasən, düzgün istifadə olunmamış konservlərdə yaranmış bakteriyalar qida zəhərlənmələrinə səbəb ola bilər. Keyfiyyətsiz konservlərin istehlakı insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Konserv istehsalı zamanı hazırlanma texnologiyasına ciddi riayət olunmalıdır.

Bundan əlavə, broşürlərdə məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamlar diqqətə çatdırılır. İstənilən qida məhsulunun etiketində adı, tərkibi, miqdarı (kütlə, həcm), istehsal tarixi, son istifadə tarixi, saxlanılma şərtləri, istehsalçının adı və ünvanı, istifadəçiyə dair tövsiyələr və ya məhdudiyyətlər, qida dəyəri göstəriciləri əksini tapmalıdır. Qida məhsullarını seçərkən etiket məlumatlarını oxumaq və üzərindəki işarələrə diqqət yetirmək vacibdir. Bu, istehlakçının məlumatlı olması ilə yanaşı, qida sahəsində fəaliyyət göstərən sahibkarlq subyektlərinin öz işinə daha məsuliyyətlə yanaşmasına gətirib çıxarır.