7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür. Beynəlxalq günün təsis edilməsində əsas məqsəd qida ilə əlaqəli risklərin aşkarlanması, qarşısının vaxtında alınması və düzgün idarə olunmasına diqqət çəkməklə ərzaq təhlükəsizliyinə, insan sağlamlığına, iqtisadi rifaha, kənd təsərrüfatı istehsalına, beynəlxalq bazara çıxışa, turizmə və davamlı inkişafa töhfə verməkdir.

Foodinfo.az xəbər verir ki, artıq dördüncü dəfə qlobal səviyyədə qeyd olunan tarixin builki fəaliyyət planı Təhlükəsiz Qida İlə Daha Sağlam Həyat şüarı üzərində qurulub.

Bu gün Birləşmiş Millətlər Təşkilatının 2018-ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq-istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşdiyi, qida ilə bağlı risklərin insanların sağlamlığı ilə yanaşı, ümumilikdə dünya iqtisadiyyatına vurduğu mənfi təsir nəzərə alınaraq təsis edilib.

Qida ilə yoluxan parazitar xəstəliklər həm kəskin, həm də xroniki sağlamlıq problemləri ilə nəticələnə bilər. Bundan başqa, təhlükəsiz qida istehsalı qida itkisini və tullantılarını azaldaraq planetə, eyni zamanda dünya iqtisadiyyatına fayda verir, səhiyyə sistemlərinin yükünü azaldır. Təsadüfi deyil ki, bu gün 188 ölkə beynəlxalq qida ticarətinin təhlükəsizliyi, keyfiyyəti və ədalətinin təmin edilməsində mühüm rol oynayan Kodeks Alimentarius beynəlxalq qida standartları, təlimatları və tətbiqetmə qaydaları üzrə əməkdaşlıq edirlər. Eyni zamanda Ümumdünya Qida Təhlükəsizliyi Günü məhz Kodeks Alimentarius Komissiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, ÜST-ün birgə tərəfdaşlığı çərçivəsində qeyd edilir.

Azərbaycan Respublikasının #QidaTəhlükəsizliyi Agentliyi (AQTA) də bu gün münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan nümayəndəliyi ilə birgə silsilə maarifləndirici və sosial məsuliyyət tədbirləri həyata keçirib. Belə ki, istehlakçılara və sahibkarlara həm sosial şəbəkələr, həm kütləvi informasiya vasitələri, həm də digər kommunikasiya vasitələri ilə müxtəlif mesajlar ötürülüb.

Onu da qeyd edək ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət daşıyan laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi işləri də davam etdirilir. AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə Bakı şəhəri və Abşeronda 7, regionlarda isə 9 olmaqla, ümumilikdə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərir. Müasir maddi-texniki bazaya və peşəkar kadr potensialına malik laboratoriyaların fəaliyyətinin əsas məqsədi idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyinin təmin edilməsidir.