Ərzaq mağazasında nöqsanlar aşkar olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən İsmayıllı şəhəri, Məhsəti küçəsində yerləşən, fiziki şəxs Tahirov Bəhriyar Abdurrəhim oğluna məxsus ərzaq mağazasında keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, vaxtaşırı təmizlik işlərinin aparılmadığı, məhsulların saxlanma qaydalarına riayət olunmadığı, həmçinin yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar satışdan çıxarılıb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.