İstehlaka yararsız ət satışının qarşısı alınıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, daxil olan müraciət əsasında Agentlik müfəttişləri tərəfindən Gəncə şəhəri Z. Əliyeva küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədova Ziyatel Qəhrəman qızına məxsus ət məhsullarının satışı məntəqəsində keçirilmiş plandankənar yoxlama zamanı baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, qaralmış, mənşəyi məlum olmayan ət aşkarlanıb. Mənşəyi məlum olmayan ət satış şəbəkəsindən çıxarılaraq saxlanca qoyulub, müayinələrin aparılması üçün götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq labaratoriyalarına təqdim edilib. Müayinələr nəticəsində ətin qida təhlükəsizliyi sahəsində texniki normativ sənədlərin tələblərinə uyğun olmadığı, köhnə və ölmüş heyvan əti olduğu müəyyən olunub. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam edir.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.