Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər davam edir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.  

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsində aparılan reydlər zamanı fiziki şəxslər Məmmədov Polad Mürsəl oğluna, Əhmədov İlham Əsgər oğluna, Alışov Bəylər Mehman oğluna, Vəliyev Mehman Balış oğluna, Allahverdiyev Səfər Qiyas oğluna, Abbasov Sakit Nəbadi oğluna və Əmrahov Qalib Qardaşxan oğluna məxsus məntəqələrdə baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib. Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.