Putin ərzaq böhranının həlli üçün şərtini açıqladı

“Əgər sanksiyalar qaldırılarsa, ərzaq böhranının həllinə töhfə verə bilərik”.

Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin İtaliyanın Baş naziri Mario Draqi ilə telefon danışığı zamanı deyib.

Qlobal ərzaq təhlükəsizliyi məsələsinin ətraflı müzakirə olunduğu görüşdə Putin kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması problemləri ilə bağlı Rusiyaya qarşı olan ittihamların əsassız olduğuna diqqət çəkib.

Putin görüşdə ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların qida sahəsindəki problemləri daha da ağırlaşdırdığı vurğulayıb:

“Qərb ölkələrinin siyasi məqsədlər üçün qoyduğu məhdudiyyətlərin aradan qaldırılması şərti ilə Rusiya taxıl və gübrə ixracı vasitəsilə ərzaq böhranının aradan qaldırılmasına mühüm töhfə verməyə hazırdır”.

Görüş zamanı mülki gəmilərin Qara dəniz və Azov dənizindəki limanlardan təhlükəsiz çıxışı üçün hər gün humanitar dəhliz açdıqlarını bildirən Putin Ukraynanın Rusiya ilə danışıqları dayandırmasına da diqqət çəkib.