Şəki-Zaqatala bölgəsində zərərli orqanizmlərə qarşı fitosanitar müşahidələr davam edir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Milli Monitorinq Planı çərçivəsində zərərli orqanizmlərə qarşı aparılan fitosanitar tədbirlər və maarifləndirici görüşlərin təşkili davam etdirilir.

Foodinfo.az-ın məlumatına görə, bu istiqamətdə növbəti fitosanitar tədbir Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında həyata keçirilib. Müşahidələr zamanı karantin tətbiq edilməyən fındıq mənənəsinə (Myzocallis coryli), yarpaqyeyən böcəklərə (Altica brevicollis) və unlu şeh (Phyllactinia guttata) xəstəliyinin ilkin simptomlarına rast gəlinib.

Bundan əlavə, Şəki-Zaqatala bölgəsinin qonşu Gürcüstanla sərhəd olması nəzərə alınaraq, meyvə, həmçinin fındıq bağları üçün xüsusi təhlükəli zərərverici hesab edilən qəhvəyi mərmər taxtabitinin  (Halyomorpha halys) mövcudluğunu müəyyənləşdirmək məqsədilə cari ilin mart ayından etibarən davamlı fitosanitar müşahidələr aparılır və bağlarda feromon tələlər asılır. Bugünədək aparılmış makroskopik müşahidələr zamanı və  feromon tələlərdə sözügedən zərərli növ aşkar olunmayıb.

Eyni zamanda fındıq bitkisinin başlıca zərərli orqanizmlərinin tanınması, düzgün mübarizənin təşkili, əsassız kimyəvi mübarizə tədbirləri və s. məsələlərlə bağlı fermer və torpaq istifadəçiləri ilə maarifləndirici görüş təşkil edilib. Görüşdə qeyd edilib ki, sözügedən kosmopolit növlərinin qarşısını vaxtında həyata keçirilən bitki mühafizə tədbirləri ilə almaq mümkündür. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.