Gəncədə istehlaka yararsız ət aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Foodinfo.az-ın məlumatına görə, Agentlik müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları birgə Gəncə şəhəri, Z. Əliyeva küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Kamran Sədir oğluna məxsus ət məhsullarının satışı məntəqəsinə keçirilmiş baxış zamanı baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, qaralmış, ümumi çəkisi 152 kq mənşəyi məlum olmayan ət aşkarlanıb. Mənşəyi məlum olmayan ət satış şəbəkəsindən çıxarılaraq saxlanca qoyulub, müayinələrin aparılması üçün götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq labaratoriyalarına təqdim edilib. Müayinələr nəticəsində ətin qida təhlükəsizliyi sahəsində texniki normativ sənədlərin tələblərinə uyğun olmadığı, köhnə və ölmüş heyvan əti olduğu müəyyən olunub. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam edir.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.