Azərbaycan bu il buğdanı 35%-ə yaxın baha alıb

2022-ci ilin ilk 4 ayı (yanvar-aprel) ərzində Azərbaycana 105 milyon 270 min dollar dəyərində 308 min 43 ton buğda idxal edilib.

Foodinfo.az Marja-ya istinadən xəbər verir ki, 2021-ci ilin ilk 4 ayı ilə müqayisədə buğda idxalı dəyər ifadəsilə 13,2% artıb, miqdar ifadəsilə 15,7% azalıb.

2021-ci ilin ilk 4 ayı ərzində Azərbaycana 92 milyon 994 min dollar dəyərində 365 min 348 ton buğda idxal edilmişdi.

Bir ton buğdanın idxal qiyməti (orta statistik dəyəri) ötən ilin ilk 4 ayında 254,5 dollar ikən, 2022-ci ilin ilk 4 ayı üzrə 341,7 dollar olub (87,2 dollar və ya 34,2% artıb).

2020-ci ilin yekununda 1 ton buğda idxalının orta hesabla idxal qiyməti 217,5 dollar, 2021-ci ilin  sonunda isə 289 dollar təşkil etmişdi. Bu il buğdanın hər tonu 2020-ci ilin yekunu ilə müqayisədə 124 dollar və ya 60%-ə yaxın daha baha alınır.

2021-ci ildə Azərbaycana 331 milyon 946 min dollar dəyərində 1 milyon 148 min 101 ton buğda idxal edilmişdir.