AQTA və ETSN əməkdaşları zeytun bağlarında birgə monitorinq keçirib

12 May – Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika üzrə silsilə tədbirlər həyata keçirlir. Bu tədbirlər çərçivəsində AQTA və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən zeytun bağlarında birgə monitorinq aparılıb. Monitorinqlər ETSN-in nəzdində fəaliyyət göstərən, Bakı şəhəri Hövsan qəsəbəsi ərazisində yerləşən 2 saylı Yaşıllaşdırma İdarəsinin “Azəryaşlandşaft” Açıq Səhmdar Cəmiyyətinə məxsus 161 ha sahəsi olan zeytun bağlarında keçirilib.

Foodinfo.az-ın xəbərinə görə, monitorinq zamanı zeytun ağaclarının kütləvi şəkildə yastıcalarla sirayətlənməsi, o cümlədən zərərvericilərin ifraz etdiyi şirələrin yarpaqların üzərini örtərək funksiyasını məhdudlaşdırması və sonda yarpaqların tökülməsinə səbəb olması müşahidə edilib. Bu da vaxtında kimyəvi və aqrotexniki tədbirlər aparılmadığı təqdirdə bitkilərin məhv olması ilə nəticələnə bilər. Müşahidələr göstərib ki, bağda damcıvarı suvarma sistemi olduğu üçün vəziyyətə mütəmadi olaraq nəzarət edilməlidir. Bundan başqa, ətrafda zərərvericilər üçün sahib bitkilər olan alaq otlarının təmizlənməsinin həyata keçirilməsi, bağların kənarlarında ev heyvanlarından qoruyucu vasitələrdən ibarət sədlərin qurulması vacib şərtlərdəndir.

Monitorinq zamanı bitkilərə zərər vuran, karantin tətbiq edilməyən zərərvericilərin təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilməsi üçün nümunələr götürülüb. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına lazımi tövsiyələr verilib.