Azərbaycan və Gürcüstan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamuqia arasında ikitərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan və Gürcüstan arasında qida təhlükəsizliyi sahəsində qurulmuş geniş əlaqələrdən söz açan Agentlik sədri Qoşqar Təhməzli AQTA və Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirliyi yanında Milli Qida Agentliyinin bu istiqamətdə birgə fəaliyyətinə uyğun olaraq həyata keçirilmiş işləri, o cümlədən sərhədyanı ərazilərdə birgə monitorinqlərin təşkili, qida sahəsində idxal-ixrac və tranzit yüklərin daşınmasına nəzarətin daha səmərəli qurulması ilə bağlı tədbirləri diqqətə çatdırıb.

Nazir Otar Şamuqia qarşılıqlı münasibətlərin qida təhlükəsizliyi sahəsi daxil olmaqla, bütün istiqamətlər üzrə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, gələcək əməkdaşlığın perspektivləri üçün geniş imkanların olduğunu nəzərə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Gürcüstandan Azərbaycan Respublikasına cavan, diri çəkisi 140 kq-dan aşağı olan 10000 baş damazlıq iribuynuzlu heyvanların idxal edilməsi, fitosanitar sertifikatların elektron mübadiləsinin həyata keçirilməsi üçün sistemlərin inteqrasiyası, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə çəyirtkəkimilərə qarşı birgə monitorinqlərin (transsərhəd müşahidələrin) davam etdirilməsi məsələləri müzakirə olunub. Həmçinin iki ölkə arasında heyvan və bitki sağlamlığı, eləcə də qida təhlükəsizliyinə dair saziş layihələrinin razılaşdırılması üzrə işlərin sürətləndirilməsi ilə bağlı razılığ əldə olunub.