Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Baytarlıq Xidmətlərinin Fəaliyyəti üzrə Ekspert Qrupu Azərbaycana gələcək

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) Baytarlıq Xidmətlərinin Fəaliyyəti (PVS) üzrə Ekspert Qrupu Azərbaycana səfər edəcək. Missiyanın əsas məqsədi bütün dünyada heyvanların sağlamlığı və rifahı, baytarlıq xidmətləri və baytarlıq nəzarət sistemini qiymətləndirməkdir.

Foodinfo.az-ın xəbərinə görə, missiya çərçivəsində qiymətləndirmə heyətinin heyvan, heyvan mənşəli məhsul və xammalın istehsalı, emalı, satışı və saxlanılması müəssisələri, baytarlıq təhsili müəssisələri, elmi-tədqiqat institutları, iri və xırda fermer təsərrüfatlarına səfərləri planlaşdırılır. Qiymətləndirmə üzrə səfərlərdə Agentlik əməkdaşları ilə yanaşı, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri də iştirak edəcək.

PVS üzrə qiymətləndirmədə baytarlıq xidmətləri “İnsan resursları, fiziki və maliyyə resursları”, “Texniki səlahiyyət və bacarıq”, “Maraqlı tərəflərlə qarşılıqlı əlaqə” və “Bazarlara giriş” kimi dörd əsas komponentlə təsnif edilən 47 parametr üzrə dəyərləndiriləcək.

Həm milli, həm də regional səviyyədə həyata keçiriləcək qiymətləndirmə ölkəmizdə heyvan, heyvan mənşəli məhsul və xammalın istehsalı, emalı, satışı və saxlanılması müəssisələri, baytarlıq təhsili müəssisələri, elmi-tədqiqat institutları, iri və xırda fermer təsərrüfatlarına bir sıra imkan və üstünlüklər qazandıracaq. Belə ki, OIE səviyyəsində həyata keçirilən bu yoxlamalardan sonra beynəlxalq uyğunlaşma və sertifikatlaşdırma proseslərinin asanlaşdırılması, baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, idxal-ixrac prosedurlarının daha da genişləndirilməsi və s. mümkün olacaq.

Qeyd edək ki, baytarlıq və heyvandarlıq sahəsinin inkişafı istiqamətində son illər ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Bu yanaşma baytarlıq fəaliyyətinin daha da stimullaşdırılmasına, rəqabətqabiliyyətli məhsul istehsalının artımına, eləcə də yerli təsərrüfatların dünya bazarlarına çıxışının təmin olunmasına şərait yaradacaq.