AQTA sədri Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri ilə görüşüb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Moldova Respublikasının kənd təsərrüfatı və qida sənayesi naziri Viorel Gerçiu arasında ikitərəfli görüş keçirilib.

Foodinfo.az-ın xəbərinə görə, görüşdə Q.Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər, tətbiq olunan yeniliklər barədə geniş məlumat verib. Bildirib ki, son illər bu sahədə görülən məqsədyönlü tədbirlər nəticəsində qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə edilib.

Moldova Respublikasının kənd təsərrüfatı və qida sənayesi naziri Viorel Gerçiu ölkələr arasında bütün istiqamətlər, o cümlədən qida təhlükəsizliyi sahəsində əməkdaşlığın geniş perspektivləri olduğunu, münasibətlərin yeni müstəvidə dinamik inkişafı üçün qarşılıqlı əməkdaşlığın inkişafının zəruriliyini diqqətə çatdırıb.

Daha sonra qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində normativ hüquqi bazanın yaradılması üçün saziş layihələrinin hazırlanması məqsədilə danışıqların həyata keçirilməsi və bu məqsədlə işçi qrupun yaradılması,  eyni zamanda hər iki ölkənin qida təhlükəsizliyinə dair qanunvericilik bazasının Avropa İttifaqının tələblərinə uyğunlaşdırılması ilə bağlı qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üzrə razılıq əldə olunub.

Görüşdə, həmçinin Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) üzrə Moldova təcrübəsinin öyrənilməsi, sertifikatların qarşılıqlı tanınması və elektron mübadiləsinin həyata keçirilməsi üçün sistemlərin inteqrasiyası və s. istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.