AQTA əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetin tələbələri ilə görüşüb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) tələbələri ilə görüş keçirib.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, Agentliyin fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə təhsil almış məzunların işə qəbulu, onların potensialından səmərəli istifadə, habelə gənclərin məşğulluğunun təmin edilməsidir.

Görüşdə Agentlik Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Əli Nəbiyev, şöbənin Dövlət qulluğu və kadr məsələləri sektorunun müdiri Tural Əlizadə, Bitki sağlamlığı şöbəsinin müdiri Taleh Şəmiyev və ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov iştirak edib.

Tədbirdə iştirakçılara Agentlik sistemində işə qəbul prosedurları, təcrübə və könüllülük proqramları haqqında müvafiq məlumatlar verilib, habelə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”ya uyğun olaraq, dövlət qulluğunun yerlərdə təşviq edilməsi baxımından dövlət qulluğu sertifikatlarının əldə edilməsi qaydaları, vakant vəzifələrin tutulması şərtləri ilə bağlı geniş müzakirələr aparılıb.

Daha sonra Bitki sağlamlığı şöbəsinin müdiri Taleh Şəmiyev bitki mühafizəsi ixtisası üzrə təhsil alan tələbələrin sahəvi biliklərinin artırılması məqsədilə təlim keçib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.