Aqrokimyəvi maddələrin və bitki mühafizə vasitələrinin saxlanıldığı anbarlarda yoxlamalar keçirilib

Bitki sağlamlığının təmin olunması, standartlara cavab verən yüksək keyfiyyətli qida məhsullarının istehsalı, ölkə ərazisində bitki örtüyünün qorunması və inkişafı üçün istifadə olunan bitki mühafizə vasitələri, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı ilə bağlı qaydalara əməl olunması xüsusi əhəmiyyət kəsb edir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, bu xüsusda insanların sağlamlığı və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə pestisid və aqrokimyəvi maddələrin saxlanıldığı anbarlarda yoxlama nəzarət tədbirləri keçirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müvafiq dövlət qurumu ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Yoxlamaların Vahid Məlumat Reyestri”ndən çıxarış alınmaqla, ümumilikdə 38 anbarda keçirilən yoxlamaların nəticələrinə əsasən, 15 anbarda işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar” qəbul edilib və həmin obyektlərin fəaliyyəti məhdudlaşdırılıb, 10 müəssisə barəsində hazırlanmış “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar” layihələri aidiyyəti üzrə göndərilib, 12 anbarda aşkar edilmiş uyğunsuzluqların insan həyat və ya sağlamlığına, ətraf mühitə birbaşa və mühüm təhlükənin olmaması səbəbindən nöqsanların aradan qaldırılması üçün vaxt verilib, 1 anbarda nöqsan aşkarlanmayıb. Fəaliyyətində ciddi nöqsanlar aşkarlanmış müəssisələrlə bağlı məlumatlar aşağıdakı cədvəldə əks olunub.
Müəssisələrdə aşkarlanmış uyğunsuzluqlar, əsasən, anbarın məktəb, istehsal və ya yaşayış məntəqəsindən tələb olunan məsafədə yerləşməməsi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyət, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə əməl olunmaması və s. ilə bağlı olub. Aparılan araşdırmalar zamanı bəzi anbarların lisenziyasız fəaliyyət göstərdiyi qeydə alınıb, həmçinin istifadə müddəti bitmiş və yararsız hesab edilən aqrokimyəvi maddələr aşkar olunub.
AQTA bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı və idxalı ilə məşğul olan sahibkarları öz fəaliyyətlərini qanunvericilik çərçivəsində həyata keçirməyə və təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyə çağırır. Nəzərə alınmalıdır ki, sahibkarlar yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş tələblərə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən fəaliyyət növlərinə lisenziya alınmış anbarlarda bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanılmasını həyata keçirə bilərlər. Həmçinin lisenziya alınmış anbar istifadə edilmədikdə, ünvan və ya fəaliyyət istiqaməti dəyişdikdə, lisenziya və müvafiq rəyin ləğv edilməsi üçün aidiyyəti qurumlara rəsmi müraciət olunmalıdır.