Azərbaycanda ilk dəfə tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başlayıb

Azərbaycanda dövlət dəstəyi ilə təbiq edilən aqrar sığorta çərçivəsində ölkədə ilk dəfə olaraq tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başlayıb.

Foodinfo.az xəbər verir ki, Aqrar Sığorta Fondundan verilən məlumata görə, Nazirlər Kabinetinin 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarı ilə aqrar sığorta predmetlərinin – sığortalanan bitkilərin siyahısı genişləndirilib.

Nəticədə ölkədə geniş şəkildə əkilən tərəvəz-bostan bitkiləri – noxud, yaşıl noxud, qarpız, qovun, pomidor, baş soğan, sarımsaq və kələm də sığortalanan bitkilər sırasına daxil edilib.

Aqrar sığorta qaydalarına əsasən, sözügedən bitkilər dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma); normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri kimi risklərdən, eləcə də əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən sığortalana bilərlər.

Tərəvəz-bostan bitkilərinin sığortalanması üçün sığorta tarifləri ölkənin regionları və seçilmiş sığorta zərfindən asılı olaraq dəyişir. Sığorta tarifləri aşağıdakı kimidir:

– pomidor 2.12% – 4.58%

– baş soğan 1.61% – 3.18%

– sarımsaq 1.54% – 3.02%

– kələm 1.59% – 3.30%

– noxud 1.95% – 4%

– yaşıl noxud 1.95% – 4%

– qarpız 2.17% – 4.71%

– qovun 1.87% – 3.98%.