“Doymak” makaron istehsalçısından qurd basmış məhsulla bağlı açıqlama

Bakıda mağazadan alınan makaronun içindən müxtəlif həşəratlar çıxıb. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qeyd olunur ki, “Doymak” şirkətinə məxsus iki bağlama makaronun içərisində müxtəlif həşəratlar olub. Alıcı bunun fərqinə qablaşdırmanı açdıqdan sonra varıb: “Təəssüf ki, qablaşdırmanın içərisində müxtəlif həşəratların olduğunun fərqinə evə gəldikdən sonra vardıq. Makaronu tamamilə qurd basmışdı, qətiyyən yeyiləsi halda deyildi. Ona görə də hər iki qutunu zibil qabına atdım”.

Şikayətçinin sözlərinə görə, türk istehsalı olan məhsullarda belə hallara rast gəlinmir: “Aldığımız makaron, deyəsən, Azərbaycanda istehsal olunub. Çünki türk istehsalı olan məhsullarda belə halla rastlaşmamışam. Belə edirlər, sonra da yerli məhsulları alan olmur”.

  • “Avrora Qrup”: “Məhsuldan qurd çıxması ehtimalı yoxdur, lakin  istifadə zamanı məhsulun ağzı uzun müddət açıq qalarsa qurd düşmə ehtimalı ola bilər”

Foodinfo.az xəbər verir ki, baş vermis hadisə ilə bağlı “Avrora Qrup” distribütor şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Bakı-Xəbər”ə bildirilib ki, “Doymak” makaronları və unları “Avrora Qrup” tərəfindən ölkəmizdə istehsal olunur: “20 ildir ki, xalq markası olan “Doymak” makaronları sərt buğda unundan hazırlanır. “Doymak” makaron fabriki İSO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi, İSO 9001:2015 Keyfiyyətin İdarəedilməsi Sistemi, İSO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemi” və İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi” əsasında fəaliyyət göstərir. Makaron üçün tələb olunan irmik xammalı ən müasir avadanlıqlarla təchiz olunmuş dəyirmanda üyüdülərək makaron istehsalına avtomatik yönəldilir. Makaron istehsalı ilk mərhələdən son mərhələyə – paketləmə də daxil olmaqla insan əli dəymədən tam steril və vakuum şəraitində həyata keçirilir. İstehsal olunmuş məhsul xüsusi saxlama anbarlarında saxlanılır və satışa verilir. Qeyd olunan məhsuldan qurd çıxması ehtimalı yoxdur. Lakin istifadə zamanı məhsulun ağzı uzun müddət açıq qalarsa qurd düşmə ehtimalı ola bilər. Qeyd edək ki, “Doymak” makaron fabriki 2019-cu ildə yenidən qurulmuş və dünyanın ən müasir avadanlıqlarından olan İsveçrənin “Buhler, İtaliyanın “Fava”, “Ricciarelli”, “Landucci” avadanlıqları ilə təchiz olunub”.

  • Eyyub Hüseynov: “Yerli mal istehsalçıları satışa verdikləri məhsulun hansı vəziyyətdə olmasından xəbərsiz olur”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, belə halların baş verməsi arzuolunan deyil: “Belə olan halda istehlakçılar yerli istehsal olan məhsula deyil, xarici istehsala üstünlük verir. Ancaq onu da nəzərə almaq lazımdır ki, bütün hallarda xarici mallar daha arzuolunmazdır”.

Birlik sədri təəssüf hissi ilə qeyd etdi ki, yerli mal istehsalçıları satışa verdikləri məhsulun hansı vəziyyətdə olmasından xəbərsiz olur: “Bəzi hallarda distribütorlar məhsulu uzun müddət saxladıqdan sonra satışa çıxarır. Təbii ki, bu vəziyyətdə məhsulun istifadə müddəti bitir. Bu kimi halların baş verməməsi üçün Qida Təhlükəsizliyi Agentliyi xüsusi nəzarət etməlidir. Analoji halın yenidən yaşanmaması üçün Agentliyin qarşısında məsələ qaldıracağıq. Yaxşı olar ki, dükanlarda olan soyuducuların və anbarların hərarət monitorinqi keçirilsin. Anbarlarda olan məhsul düzgün şəkildə saxlanılmazsa həmin qida çeşidi yararsız vəziyyətə düşər”.