Uşaq evlərində qidalanmanın düzgün təşkili necə olmalıdır?

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın 2021-ci il 04 iyun tarixli, II nömrəli Qərarına əsasən, keçirilmiş monitorinqlərin yekununa dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) uşaq evləri və sığınacaqlarında qidalanmanın düzgün təşkil edilməsinə dəstək məqsədilə “Uşaq evləri və sığınacaqlarında uşaqların qidalanmasının düzgün təşkili və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri” mövzusunda onlayn təlim keçirib.

Foodinfo.az Agentliyə istinadən xəbər verir,  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrindən ibarət ekspertlər qrupunun üzvlərinin qatıldığı təlim çərçivəsində iştirakçılara bu sahədə mövcud yerli qanunvericiliyin, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələbləri izah edilib, metodiki dəstək göstərilib və iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb.

Onlayn təlimdə qida blokunda müvafiq sənədləşmələrin aparılması, qəbul edilən ərzaqların, hazır yeməklərin, mövsümə uyğun menyuların tərtib edilməsi və hazır yeməklərdən sutkalıq nümunələrin seçilib saxlanılması, eyni zamanda uşaq evləri və sığınacaqda yaşayan bir uşaq üçün orta sutkalıq ərzaq normasının müvafiq qərara uyğun hazırlanması, qida blokunun sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qida təhlükəsizliyi sahəsində texniki normativ sənədlərin tələblərinə uyğunlaşdırılması, ərzaq məhsullarının daşınması, qəbulu və saxlanması qaydaları ilə bağlı məlumatlar diqqətə çatdırılıb.