Toyda pandemiya dövrünün tələbləri pozulub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Mustafaağalı kəndində fəaliyyət göstərən, sahibkar Bayramov Məcid Məhəmməd oğluna məxsus “Ay ulduz” şadlıq evində monitorinq  keçirilib. Baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, işçi heyətin fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, masaların üzərində dezinfeksiyaedici məhlulların yerləşdirilmədiyi, koronavirus (COVID-19) pandemiyası dövrünün tələblərinə əsasən, masalararası və masa ətrafı məsafənin gözlənilmədiyi müəyyən edilib. Sahibkara bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, aşkar edilmiş təkrarlanan qanun pozuntusuna görə inzibati protokol tərtib edilib.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.