Fındıq ixracatçıları ilə görüş keçirilib

2021-ci il noyabrın 20-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılovun iştirakı ilə Zaqatala rayonunda fındıq ixracatçıları ilə görüş keçirilib.

Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, görüşdə fındıq ixracı zamanı qarşıya çıxan əsas problemlər, ixrac prosesi, məhsullardan götürülmüş nümunələrin müayinələrinin nəticələri və təhlükəsiz məhsul istehsalı ilə bağlı müzakirələr aparılır. İnteraktiv şəkildə təşkil olunmuş görüşdə sahibkarları narahat edən məsələlər, həmçinin fındıqda aflatoksin problemi və onun aradan qaldırılması yolları istiqamətində fikir mübadiləsi aparılıb. Xüsusilə laborator sınaq müayinələri zamanı aflatoksin miqdarının yol verilən həddən artıq olan məhsul partiyalarının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının müvafiq qərarının tələblərinə uyğun şəkildə icra olunmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirdə aflatoksin yaradan göbələklərin əmələ gəlməsinin bağdan başladığı, erkən məhsul yığımı və ya uyğunsuz qurudulma səbəbi ilə aflatoksinin inkişaf etdiyi, saxlanılma və daşınma müddətində isə yoluxmanın daha da artdığı sahibkarların nəzərinə çatdırılıb.

Görüşdən sonra ayrı-ayrı fındıq emalı müəssisələrinə baxış keçirilib, aparılan emal və istehsal prosesləri ilə tədbir iştirakçıları yaxından tanış olub.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.