Ucarda məktəbəqədər təhsil müəssisələrinin məsul şəxsləri ilə görüş keçirilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mütəxəssisləri tərəfindən Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Ucar rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə görüş keçirilib. İclasda məktəbəqədər təhsil müəssisələrində qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunmasının zəruriliyi iştirakçıların diqqətinə çatdırılıb.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, görüşdə Agentliyin əməkdaşları tərəfindən təqdimatlar nümayiş etdirilib və məktəbəqədər təhsil müəssisələrinin işçilərinə qida təhlükəsizliyi ilə bağlı metodiki göstərişlər verilib.

Sonda tədbir iştirakçılarının sualları Agentlik mütəxəssisləri tərəfindən cavablandırılıb. Qeyd edək ki, bununla bağlı Agentliyin  təşəbbüsü ilə təşkil olunan bu görüşlər  silsilə xarakter daşıyır və mütəmadi şəkildə davam etdirilməkdədir.