“Uşaq qidaları və pamperslər ƏDV-dən azad edilsin”

Milli Məclisin deputatı Qənirə Paşayeva uşaq qidaları və pamperslərinin ƏDV-dən azad edilməsini təklif edib. 

Foodinfo.az xəbər verir ki, o qeyd edib ki, Gürcüstanda uşaq qidaları və geyimləri ƏDV-dən azaddır: “Bilirik ki, boşanan ailələrin sayı artır. Onlar aliment almaqda da çətinlik çəkir. Amma bu uşaqlar qidalanmalıdır. Qiymətlər orta təminatlı ailələr üçün də hətta kifayət qədər bahalıdır”.

Deputat Musa Quliyev də həmkarının fikirlərini dəstəkləyib. O qeyd edib ki, dünyada uşaqlarla bağlı bütün məhsulların satışında güzəştlərlə bağlı qanunvericilik var: “Gəlin bunu biz də edək. Bu qidalar və bezlər ölkədə istehsal olunmur. Ölkədə istehsalı məsələsi ilə bağlı da düşünməliyik”.

***

Dövlət Vergi Xidmətinin rəisinin müavini Samirə Musayeva uşaq qidaları və bezlərinin ƏDV-dən azad edilməsi ilə bağlı təklifə münasibət bildirib: “Hələ əfsuslar olsun ki, məhsulların istehsalı və idxalı zamanı onların adbaad, növbənöv uçotunu məsafədən izləmək imkanı yoxdur. Buna görə də qanunvericilikdən sui-istifadə hallarının baş verməməsi ilə bağlı sahibkarlara müvafiq infrastrukturun qurulması üçün məsələnin yekunlaşmasını gözləyirik. Təbii ki, bundan sonra bu cür məhsullara xüsusi yanaşma müzakirə oluna bilər”.