Subtropik bitkilər və onların zərərvericiləri

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. AQTİ-nin Mərkəzi Fitosanitar Laboratoriyasının mütəxəssisi Nəzakət Abasovanın hazırladığı budəfəki maarifləndirici mövzumuz isə ilboyu gündəlik qidalanmada istifadə olunan subtropik bitkilər və onların zərərvericiləri haqqındadır.

Qida sənayesində subtropik bitkilər mühüm yer tutur. Qeyd edək ki, subtropik bitkilər 3 əsas yarımqrupa bölünür:

1. Sitrus bitkiləri: portağal, naringi, limon, qreypfrut

2. Müxtəlif meyvə bitkiləri: zeytun, əncir, nar, xurma, innab, feyxoa, muşmula

3. Qərzəkli bitkilər: fındıq, badam, qoz, şabalıd

Subtropik bitkilər çoxillik, həmişəyaşıl, az hallarda yarpaqlarını tökən, kol və ya ot bitkiləridir. Subtropik bitkilərdən bir qrupu qışda yarpağını tökür. Sitrus bitkiləri, zeytun, muşmula, feyxoa, dəfnə və digərləri isə qışda yarpağını tökmür və buna görə də həmişəyaşıl bitkilər adlandırılır. Bu tip bitkilər əsasən subtropik iqlimə malik ərazilərdə becərilir. Azərbaycanda da subtropik bitkilərin becərilməsi üçün əlverişli iqlim, torpaq şəraiti var.

Subtropik bitkilər zəngin kimyəvi tərkibi və yüksək qidalılığına görə çox qiymətlidir. Həmçinin bu tip bitkilər konservləşmə, qənnadı, efir yağı emalı və s. sahələr üçün əvəzolunmaz xammaldır. Subtropik ərazilərdə yetişən texniki  bitkilər də istehsalatda vacib əhəmiyyət kəsb edir.

Sitrus bitkiləri Azərbaycanın subtropik iqlimə malik ərazilərində, xüsusilə də Lənkəran, Astara rayonlarında geniş miqyasda becərilir. Yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik sitrus bitkilərinin tərkibi orqanizm üçün zəruri olan bir çox maddələrlə zəngindir. Belə ki, bu meyvələrin tərkibində qlükoza, saxaroza, fruktoza (limonda 1.2- 2.4 %, naringi 7-9.65 %-dək) C, D, A, B1, B2, E, PP vitaminləri, orqanik turşu duzları, askorbin turşusu (naringi şirəsində 32.1 mq %-dan, limon şirəsində 64.3 mq %-dək), pektin maddələri vardır. Sitrus meyvələrindəki vitaminlər yüksək dayanıqlılığı, parçalanmamaq xüsusiyyəti ilə fərqlənir və konservləşmə zamanı tamlığını qoruyur. Konservləşdirilmiş sitrus meyvəsinin şirəsi təsirinə görə təzə sıxılmış meyvə şirəsindən fərqlənmir. Qeyd edək ki, uzun müddətli saxlanma (2.5-5° C temperaturunda 6 ay ərzində) və emalından sonra da vitaminlərin tərkibinin dəyişməməsi sitrus meyvələrinin əhəmiyyətini daha da artırır. Bundan başqa, sitrus meyvələrindən farmakoloji, qənnadı, parfümeriya sahəsində də geniş istifadə olunur. Çiçəklərindən, yarpaqlarından və meyvənin qabığından qiymətli efir yağları alınır.

Limon subtropik meyvə bitkiləri içərisində zəngin kimyəvi tərkibinə, yüksək qida dəyərinə görə çox qiymətlidir. Həmçinin böyük müalicəvi əhəmiyyətə malikdir. Limon orqanizmin xəstəliklərə qarşı müqavimətini artırdığından infeksion və iltihabi xəstəliklər zamanı olduqca faydalıdır. Limon həm də çox qüvvətli bakterisid təsirə malikdir. Angina və avitaminoz xəstəliklərə qarşı ən effektli vasitədir. Qeyd edək ki, Çində limonu “limunq” adlandırırlar ki, bu da tərcümədə “analar üçün faydalı” deməkdir. Hələ XVIII əsrdə uzun səfərlər zamanı ingilis donanmasının dənizçilərinə hər gün 30 q limon şirəsindən istifadə tövsiyə olunurdu ki, bu da sinqa xəstəliyinə qarşı effektiv mübarizə sayılırdı.

Limonun sərinləşdirici dadı vardır, susuzluğu yatırır. Lətinin tərkibi 88.3 %-dək su, 2.06 % şəkər, 1.12 % pektin maddələr, 3.8-6.8 % turşu, 0.46 % mineral maddələr, C, A, B1, B2, PP vitaminləri ilə zəngindir. Sadalanan bu maddələr orqanizmin maddələr mübadiləsi prosesində böyük rol oynayır və həzm prosesini yaxşılaşdırır. Həmçinin meyvənin qabığı, bitkinin yarpaqları efir yağı ilə zəngin olduğuna görə qida sənayesində və kosmetologiyada geniş istifadə edilir. Limon meyvəsinin qabıq hissəsində 3-6 %-ə qədər efir yağı olur ki, onun da tərkibinin 90 %-ni terpen-limonen və 3-6 %-ni isə sitral aldehidli ətirli maddələr təşkil edir. Qeyd edək ki, bu maddələr limon yağının ən qiymətli hissəsidir. Limon yağından ətriyyat sənayesində geniş istifadə edilir. Təbabətdə isə limon yağı bir sıra dərmanların tərkibində xoş ətirli maddə kimi işlədilir. Son illərdə limon yağından sitral aldehidi də alınır ki, ondan 2-3 %-li spirtli məhlul kimi hipertoniya xəstəliyinin müalicəsində damcı şəklində qəbul olunur. Meyvəsinin şirəsində 8-9 % limon turşusunun olması tibb sahəsində əhəmiyyətini daha da artırır.  Bir sıra ölkələrdə (İtaliya, İspaniya və s.) limon turşusundan “natrium-sitrat” adlı preparat hazırlanır ki, bu da qanköçürmə zamanı donor qanını konservləşdirmək məqsədilə işlədilir.

Naringi də sitrus bitkiləri içərisində geniş yayılıb. Zəngin kimyəvi tərkibə malikdir. Meyvələrin ləti şirəli və şirindir. Lətinin 71.5 %-i şirədir. Tərkibində 7.6-8.3 % şəkər, 0.77-1.7 % turşu, C vitamini vardır. Bir ədəd meyvədə gündəlik C vitamininə olan tələbatın 31 %-i mövcuddur. Tərkibində P, K, B qrupu vitaminləri vardır. P vitamini orqanizm üçün çox vacibdir. Belə ki, P vitamini orqanizmdə sintez olunmur və toplanmır, ona görə də daim orqanizmə daxil olmalıdır. Naringi meyvəsinin tərkibində fitonsitlər də vardır ki, bu antibiotik təsirinə görə xəstəlik törədən bakteriaları məhv edir. Naringinin meyvələri şirin olsa da, 100 qramında 37 kalori var. Yağları parçalama gücünə malikdir.

Portağal isə zəngin kimyəvi tərkibinə, ətirli-şirəli meyvəsinə görə sitrus bitkilərinin ən geniş yayılmış növüdür. Sənaye əhəmiyyəti böyükdür.

Sitrus meyvələrinin əsas keyfiyyət göstəricilərinə onların xarici görünüşü, iriliyi, mikroorqanizmlərin təsirinə məruz qalmaması və digər amillər aid edilir. Sitrus meyvələrini bir çox xəstəlik və ziyanvericilər zədələyir, məhsuldarlığını, keyfiyyətini aşağı salır, bəzən isə məhsulu tamamilə məhv edir. Sitrus bitkilərinə Kaliforniya çanaqlı yastıcası (Quadraspidiotus perniciosus), Minalayıcı sitrus güvəsi (Phyllocnistis citrella) daha çox ziyan vurur.

Kaliforniya çanaqlı yastıcası təhlükəli zərərvericidir. Daxili karantin obyekti olan bu həşərat gövdə, budaq, yarpaq, saplaq və meyvənin şirəsini soraraq bitkini tədricən zəiflədir, nəticədə məhsuldarlıq aşağı düşür. Minalayıcı sitrus güvəsi də bu bitkilərin ən təhlükəli zərərvericilərindən biridir. Zərərverici ilə sirayətlənmiş bitki inkişafdan qalır, məhsuldarlıq isə xeyli aşağı düşür. Qeyd edək ki, sadalanan ziyanvericilərlə güclü sirayətlənmə nəticəsində meyvələrin qabığının üzərində ləkələr, zədə izi əmələ gəlir. Belə məhsullar insan orqanizminə ziyan vurmur. Lakin meyvələrin əmtəə görünüşü pozulduğundan iqtisadi zərərə səbəb olur.

Sitrus meyvələrinin düzgün qablaşdırılma, daşınma və saxlanmasının da əhəmiyyəti böyükdür. Belə ki, daşınma, saxlanma zamanı məhsul zədələnib, yararsız hala düşə, eləcə də ziyanvericilərin təsirinə məruz qala bilər.