Probiotik və prebiotik nədir?

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır.

Foodinfo.az AQTİ-nin Keyfiyyətə nəzarət departamentinin mütəxəssisi Gülnarə Quluzadənin hazırladığı probiotik və prebiotiklərin xarakterik xüsusiyyətləri, eləcə də onların istifadəsi haqqındakı məqaləsini təqdim edir:

Funksional qida məhsulu olan probiotik və prebiotiklərin insan sağlamlığı üçün əhəmiyyəti böyükdür. Onları müvafiq miqdarda istehlak etdikdə, xüsusilə də bağırsağın mikroflorasını gücləndirməklə bir çox xəstəliklərdə profilaktik rol oynayır. Qeyd edək ki, bağırsaq florası və ya bağırsaq mikrobiotası adlandırılan bağırsaq bakteriyaları orqanizmdə bir çox vacib funksiyaları yerinə yetirir. Belə ki, nazik və yoğun bağırsaqda yaşayan və bədənimizdə əsas funksiyaları yerinə yetirən 1000-dən çox müxtəlif bakteriya növü vardır. Onlar orqanizmi zərərli bakteriya və göbələklərdən qorumağa kömək edir. Araşdırmalara əsasən, faydalı bakteriyaların immun sistemini gücləndirdiyi, depressiya əlamətlərini minimuma endirdiyi, eləcə də piylənmənin qarşısının alınmasında faydalı olduğu müəyyən edilib.

Həm probiotiklərin, həm də prebiotiklərin lazımi miqdarda istehlakı bağırsaq mikrobiotasını sağlam saxlayaraq bakteriyaların balansını tənzimləməyə kömək edir. Prebiotiklər bağırsaq mikrobiotası üçün faydalı bakteriyaların inkişafına kömək edən enerji mənbəyi rolunu oynayır. Bura infeksiyalara qarşı müqavimət göstərən və bir sıra mübadilə xarakterli bağırsaq problemlərinin yüngülləşdirilməsində rol oynaya bilən Lactobacillus növləri daxildir.

#afsa #aqta #aqtamaarifləndirir #probiotik #prebiotik