AQTA və “Rosselxoznadzor”un nümayəndə heyətləri arasında növbəti görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndə heyətləri arasında videokonfrans formatında növbəti görüş keçirilib.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsinin də iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan bitkiçilik məhsulları üzərində həyata keçirilən nəzarət tədbirləri və idxal olunan bitkiçilik məhsullarına fitosanitar sertifikatların verilməsi proseduru müzakirə olunub. AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov bildirib ki, pomidor istehsal olunan təsərrüfatlarda davamlı olaraq bitki zərərvericiləri və viruslarla bağlı monitorinqlər aparılır, ixrac olunan məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunur. Hələ ki, aparılan laborator müayinələr zamanı bitkiçilik məhsullarında qeyd olunan viruslar aşkarlanmayıb. Bildirilib ki, bitkiçilik təsərrüfatlarında dövri olaraq dezinfeksiya işləri görülür, həmçinin təsərrüfatlarda istifadə olunan əkin-səpin materialları üzərində nəzarət tədbirləri daha da gücləndirilib.

Tədbirdə Azərbaycandan Rusiyaya kartof məhsulunun ixracı zamanı iki halda kartofun qonur çürüməsi zərərli orqanizminin aşkarlanması ilə bağlı daxil olan bildirişlər, eyni zamanda bu halların araşdırılması istiqamətində görülən tədbirlər müzakirə olunub.

Sonda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında hazırda qarşılıqlı razılaşdırma mərhələsində olan “Pestisidlər və aqrokimyəvi maddələrdən təhlükəsiz istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş layihəsinə dair fikir mübadiləsi aparılıb.