Gənc oğlan “Bravo”da yıxılıb öldü

Dünən Bakının Xətai rayonunda gənc kişi “Bravo”da ürəktutmasından vəfat edib. Sosial şəbəkələrdə həmin anın videosu yayılıb və iddia olunub ki, hadisə yerinə çağırılan Təcili Tibbi Yardım 45 dəqiqə sonra gəlib və həkim ürəyi səhv masaj etdiyi üçün vəfat edib.

Foodinfo.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, təcili tibbi yardım briqadası hadisə yerinə çatan zaman gənc artıq ölübmüş:

“Həkim ora çatan zaman artıq ölüm hadisəsi bioloji olaraq baş vermişdi. O videoda ölən adama ürək masajı edilib. Ətrafdakı şəxslərin təkidi ilə qapalı ürək masajı edilib. O masaj ilk 3-5 dəqiqə ərzində effektiv olur. Təcili yardıma müraciət etdikdən 5 dəqiqə sonra həkimlər ora çatıb. Amma vətəndaş yıxıldıqdan neçə dəqiqə sonra təcili tibbi yardıma müraciət edildiyini bilmirik. Qapalı ürək masajı zamanı, əsasən, zərbə vurulur. Camaatın içərisində olduğu üçün həkim onu edə bilməyib. Onun əvəzinə möhkəm təkan edib, videoya diqqətlə baxılan zaman döş qəfəsinin necə hərəkət etdiyini görmək olar. Məqsəd odur ki, ürəyin içərisindəki qan periferiyaya qovulsun”.

İ.Əliyeva qeyd edib ki, vəfat edən şəxs ürək xəstəsi olub: “Biz həmin şəxs haqqında məlumat topladıq. Məlum oldu ki, o, uşaq vaxtından ürək xəstəsi olub. Dəfələrlə xəstəxanada müalicə alıb, hazırda da poliklinikanın ambulator müalicəsində imiş. Sağlam insanda o cür hal baş verən zaman masaj etdikdə tez effekt almaq olur, amma xroniki ürək xəstələrində belə olmur. Həkim ora çatanda gənc artıq çoxdan keçinib”.