Tonlarla Azərbaycan meyvə-tərəvəzi Rusiyaya buraxılmadı

Bu ilin iyul ayının əvvəlindən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan istehsalı olan 83,2 ton pomidor və 36,9 ton şaftalını Rusiya Federasiyasının ərazisinə buraxmayıb.

Foodinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un saytında deyilir.

Buna səbəb “Ümumrusiya Bitki Karantin Mərkəzi” Federal Dövlət Büdcə Təşkilatının Dağıstan filialının laboratoriya rəyi olub. Rəydə deyilir ki, məhsul partiyalarında pomidor güvəsi (Tuta absoluta Povolny) və şərq meyvəyeyəni (Grapholitha molesta) kimi karantin tətbiq edilən zərərli obyektlər aşkarlanıb.

2021-ci ilin iyun ayının yekunlarına əsasən, “Rosselxoznadzor” Azərbaycan və İran istehsalı olan 20 ton tərəvəz (pomidor, bibər, kartof və s.) və 13,7 ton meyvəni (alma, qarpız, çiyələk, gilas, ərik, şaftalı və s.) ölkəyə buraxmayıb. Buna səbəb həmin məhsullarda pomidor güvəsi, qərb (Kaliforniya) çiçək tripsi və şərq meyvəyeyəninin aşkarlanması olub.