Restoranda qayda pozan türkiyəli məşhurlar cərimələndi

Türkiyədə sərt karantin rejimini pozan məşhur simalar polis basqını ilə üzləşib.

Foodinfo.az xəbər verir ki, müğənnilər – İrem Derici, Derya Uluğ, Cem Belevi, aktyorlar – Enis Arıkan, Cenan Adıgüzel, Emre Aslan və yutuber Enes Batur restoranların birində ad günü məclisinə qatılıb.

Onlar koronavirus pandemiyasına qarşı saat 21: 00-a qədər açıq yerlərin bağlanması barədə tətbiq edilən qadağanı heçə sayaraq gecə saatlarınadək əyləniblər. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib.

Məşhur simalar məkanın arxasında yerləşən meşədə 45 dəqiqə polisdən qaçmağa çalışsalar da, buna nail ola bilməyiblər.

Qaydaları pozan 15 nəfərin hər biri 3 min 150 TL (təxminən 600 AZN) məbləğində cərimələnib.