Bolqar bibərindən daha çox istifadə etmək üçün 3 SƏBƏB

Bolqar bibəri çox universal bir məhsuldur. Onu özü-özlüyünə qəbul etmək, müxtəlif yemək və salatlara əlavə etmək, turşuya qoymaq və ya bəzək kimi istifadə etmək olar.
Foodinfo.az AZƏRTAC-a istinadla bolqar bibərinin faydalı xüsusiyyətlərindən bəhs edir.
Görmə qabiliyyətinin yaxşılaşdırılması
Bir çoxları yerkökünün gözlər üçün faydalı olduğunu bilir. Lakin, bibər də görmə qabiliyyətinin qoruyub saxlamağa kömək edir. ABŞ-ın Milli Göz İnstitutunun məlumatlarına görə, onun tərkibində, gözlərin sağlamlığı üçün həlledici əhəmiyyətə malik olan beta-karotin, lutein və zeaksantin karotinoid birləşmələri, həmçinin C vitamini vardı.
2019-cu ildə Proceedings of the Third International Tropical Agricultural Conference jurnalında dərc olunan Avstraliya tədqiqatı, sarı bolqar bibərində ən yüksək zeaksantin səviyyəsinin və eyni zamanda böyük miqdarda luteinin olduğunu göstərib.
Çəkinin azalması
Şirin bibərin başqa bir xüsusiyyəti, rəng seçimindən asılı olmayaraq, onun az kalorili olmasıdır – orta hesabla 1 bibərdə 31 kalori var. Əksər tərəvəzlər kimi, o, su və qida liflərindən ibarətdir. Bolqar bibəri kimi aşağı kalorili qidaların qəbul edilməsi – çəkinin azalması üçün sübut olunmuş strategiyadır.
Pensilvaniya Universitetinin qidalanma üzrə professoru Doktor Barbara Rolls, bibər kimi az kalorili qidaların qəbul edilməsinin bir yemək qəbulunda kalorilərin miqdarını azaltmağa imkan verdiyini qeyd edir. Tədqiqat iştirakçılarının 25 faizi gündə 800 kalori daha az qəbul edirdilər və aclıq hiss etmirdilər.
Sağlam oynaqlar
Bəzi insanlar artrit simptomlarının pisləşməsi qorxusu səbəbindən pomidor, badımcan və bibərdən istifadə etməkdən çəkinirlər, lakin, Klivlend klinikasının revmatoloqlarının sözlərinə görə, bu mifi təsdiq edən hər hansı bir elmi dəlil yoxdur.
Əksinə, bibər çox miqdarda C vitamini sayəsində qığırdaqları və sümükləri qoruyur. Yarım fincan qırmızı bibər, qadınlar və kişilər üçün müvafiq olaraq C vitamininin tövsiyə edilən 75 və 90 milliqramın gündəlik dozasını təmin edir.