Yararsız spirtli içkilər aşkar olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Foodinfo.az xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Masallı rayonu, Təzəkənd ərazisində fəaliyyət göstərən, fiziki şəxs Fətullayev Ramiz Etibar oğluna məxsus ictimai iaşə müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin mətbəxində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən hər biri 1 litrlik qablaşdırmada olan 25 litr araq, 4 litr qırmızı şərab məhsulu aşkar olunub. Agentlik tərəfindən etiket məlumatları olmayan məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.