AQTİ mütəxəssisləri tərəfindən RUGİM üzvlərinə vebinar keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) üzvlərinə vebinar keçirilib.

Foodinfo.az-ın məlumatına görə, vebinarda 50-yə yaxın RUGİM-in metodistləri, dərnək rəhbərləri, məktəblilər, Bakı Dövlət Universitetinin tələbələri, “EkoSfera” Sosial-Ekoloji Mərkəzin konüllüləri iştirak edib. Mərkəz üzvlərinə qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən maarifəndirici tədbirlər haqqında ətraflı məlumat verilib. Daha sonra AQTİ mütəxəssisi “Enerji içkilərinin insan orqanizminə təsiri” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda enerji içkilərinə dair sanitariya norma və qaydaları, onların daşınma, qablaşdırma və etiketlənmə qaydaları, həmçinin insan orqanizminə təsiri haqqında ətraflı məlumat verilib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və onlara qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.