Qida Təhlükəsizliyi İnstitutunda növbəti “Açıq qapı” günü keçiriləcək

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Açıq qapı” layihəsi davam edir. Agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunda vətəndaşlar üçün növbəti “Açıq qapı” günü 7 may tarixində, saat 11:00-13:00-da keçiriləcək. “Açıq qapı” günü COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər nəzərə alınmaqla keçiriləcək.

Foodinfo.az-ın məlumatına görə, “Açıq qapı” gününün keçirilməsində məqsəd vətəndaşların istehlak etdiyi qida məhsullarının İnstitutun laboratoriyalarına qəbulundan başlayaraq son müayinə nəticələrinə qədər keçdiyi mərhələləri əyani şəkildə onlara göstərmək, eyni zamanda laboratoriyaların imkanları, maddi-texniki bazası və bu sahədə görülən işlərin daha geniş auditoriyaya təqdim edilməsidir.

“Açıq qapı” günlərində iştirak etmək istəyən vətəndaşlar (012) 565 12 72, daxili (206) telefon nömrələrinə zəng edib qeydiyyatdan keçməklə İnstitutun laboratoriyalarına baxış keçirə və qida məhsullarının yoxlanılması prosesində iştirak edə bilərlər.

Qeyd edək ki, bundan əvvəlki “Açıq qapı” günlərində vətəndaşlar və bir sıra media nümayəndələri iştirak edib və qida təhlükəsizliyi sahəsində onları maraqlandıran suallar AQTİ mütəxəssisləri tərəfindən əyani şəkildə cavablandırılıb.