İrandan idxal edilən balın istehlak üçün yararsız olduğu aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri zamanı “Big.X-Trade” MMC tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən “GolRang” əmtəə nişanlı, ümumi çəkisi 12005 kq (1450 ədəd şüşə qablaşdırmada) bal məhsuluna baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə saxarozanın miqdarının və hidroksimetilfurfurolun kütlə payının normadan artıq olduğu və diastaza ədədinin olmaması aşkarlanıb. İdxal olunan məhsulun istehlak üçün yararsız olduğu öz təsdiqini tapıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.